HAQQINDA
SƏNƏDLƏRİN HƏQİQİLİYİNİN MÜHAFİZƏSİNDƏ
İNNOVATİV METODLARIN TƏTBİQİ
Sənəd, üzərində onu təqdim edən və ya onun təqdim edildiyi şəxs üçün hüquq və ya öhdəliklər yaradan və ya müəyyən hüquqi faktları və ya halları müəyyən edən rəsmi məlumat daşıyıcısıdır. Sənəd dövlət orqanları və bələdiyyələr tərəfindən verilə bildiyi kimi, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən də verilə bilər.
Sənədlərə inzibati aktları, sərəncamları, qərarları, fərmanları, məhkəmə qətnamələrini, qərarlarını və hökmlərini, göstərişləri, şəhadətnamələri, arayışları, lisenziyaları, diplomları və digərlərini nümunə göstərmək mümkündür. Həmçinin, sənədlər kağız daşıyıcıda olduğu kimi, texnologiyanın inkişafı nəticəsində elektron formatda da tərtib edilə, təsdiqlənə və göndərilə bilir.
Həmin məlumat daşıyıcıları özündə əhəmiyyətli məlumatları ehtiva etdiyinə görə onlar bəzən başqaları tərəfindən müxtəlif məqsədlərlə saxtalaşdırıla və sui-istifadə edilə bilir. Odur ki, sənədlərin həqiqiliyinin (originallığının) yüksək səviyyədə mühafizə edilməsi zərurəti ortaya çıxır.
Ənənəvi olaraq, sənədlərin həqiqiliyi müxtəlif metod və vasitələrlə mühafizə edilməkdədir. Onlardan bəziləri sənədə imza çəkilməsi, möhür vurulması, imza və möhürün eyni zamanda vurulması, sənədin xüsusi blankda hazırlanması, bir neçə səhifədən ibarət olan sənədlərin bir-birinə tikilməsi, qaytanlanması və möhürlənməsi, notarial qaydada təsdiq edilməsi, apostil edilməsi, leqallaşdırılması və sairdir. Lakin müasir dövrdə, sənədlərin həqiqiliyi (originallığı) daha innovativ üsullarla mühafizə edilə bilməkdədir. Texnologiyanın sürətli inkişafı artıq bizə bu sahədə daha təsirli və daha etibarlı metodlardan istifadə etmək imkanı təmin edir. Hətta bu metodlar çox vaxt hər kəs üçün əlçatan və praktiki cəhətdən adekvat olmaqdadır.
Sənədin bir növü olaraq “Sertifikat”, üzərində qeyd edilən məlumatların doğruluğunu təsdiqləyən məlumat daşıyıcısıdır. Sertifikat sözü Azərbaycan dilinə “Şəhadətnamə” kimi tərcümə edilir. Sertifikat, müxtəlif dövlət və özəl müəssisələr və təşkilatlar tərəfindən təqdim edilə bilər. Nəzərə almaq lazımdır ki, digər sənəd növlərindən fərqli olaraq setifikatın üzərində çox məlumat qeyd etmək mümkün deyil, çünki sertifikat, adətən bir səhifədən ibarət olur. Ona görə də, orada yalnız sertifikatı verən orqan, sertifikatın verildiyi şəxs, sertifikatın nə barəsində verilməsi və hansı tarixdə verilməsi, qısaca öz əksini tapır. Sertifikat bir sənəd növü olaraq, üzərində qeyd edilən məlumatların doğruluğunu təsdiqlədiyinə görə və onun təqdim edildiyi şəxs üçün hüquqlar meydana gətirdiyinə görə onun saxlataşdırılması və çoxaldılması hallarına daha çox rast gəlmək mümkündür.
Bunun qarşısını almaq üçün sertifikata müasir texnologiyanın təmin etdiyi innovativ bir funksiya artırmaq məqsədə uyğundur. Bu funksiya sertifikatın üzərinə “QR kod”-un yerləşdirilməsidir. Bunun üçün yalnız ağıllı telefona ehtiyac var. Ağıllı telefonu olan hər kəs “QR kod oxudan” mobil tətbiqi internet vasitəsilə öz telefonuna yükləməklə həmin funksiyadan asanlıqla istifadə edə bilər.
Bununla da, sertifikatın original olub-olmadığını hər kəs istənilən vaxt yoxlaya biləcəkdir. Bu funksiya tamamilə ödənişsizdir. Bundan başqa, artıq sertifikatın üzərində göstərilənlərdən daha artıq və təfərrüatlı məlumatlar əldə etmək də mümkündür. Belə ki, artıq sertifikatın üzərinə yerləşdirilmiş “QR kod” vasitəsilə həmin sertifikatın elektron versiyasını, sertifikatı alan şəxsin (iştirakçının) şəklini, onun haqqında məlumatları, bu sertifikatla doğruluğu təsdiqlənən məlumatları, məsələn, əgər iştirakçı təlimdə iştirak etdiyinə görə həmin sertifikatla təltif edilibsə, həmin təlimin məzmunu, keçirildiyi tarix və müddət, həmçinin sertifikatı verən orqan haqqında məlumatlar geniş şəkildə setifikatı verən orqanın rəsmi veb saytında xüsusi bölmədə tapa biləcəkdir. Bununla yanaşı, sertifikatı kağız daşıyıcıda daşımaq ehtiyacı da artıq aradan qalxmış olur. Belə ki, iştirakçı sertifikatın elektron versiyası vasitəsilə onun üzərindəki QR kodu oxutmaqla olduğu yerdən asılı olmayaraq asanlıqla və heç bir ödəniş etmədən original sertifikatın və onun barəsində olan məlumatın yerləşdirildiyi veb sayta daxil ola, onunla tanış ola və hətta onu başqaları ilə paylaşa bilər.
QR kod funksiyası yalnız sertifikatların deyil, eyni zamanda diplomların, arayışların, qərarların və digər sənədlərin üzərinə də yerləşdirilə bilər. Bununla da, kimliyindən və olduğu yerdən asılı olmayaraq hər kəs ona təqdim edilən sənədin həqiqiliyini yoxlaya və onun üzərində qeyd edilməyən, lakin faktiki olaraq mövcud olan digər məlumatlarla da təfərrüatlı olaraq tanış ola və onu başqaları ilə elektron qaydada paylaşa bilər.