Vergi agenti – vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Vergi agentinin vergi ödəyicisi ilə eyni hüquqları vardır.
Vergi agentinin vəzifələri aşağıdakılardan ibarətdir:
– müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə;
– vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa;
– vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə;
– vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə.
Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Vergi agenti birbaşa (dolayı) yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə (lazımınca yerinə yetirilməməsinə) görə vergi agentinin bilavasitə (dolayısı) ilə tabe olduğu şəxs məsuliyyət daşıyır.