Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və qaydası

Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında həyata keçirilir.

Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir.

Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir:

– malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir;

– əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır.

Malların məhv edilməsi Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.

Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı müraciət edən şəxsin ərizəsi təqdim edilməklə və tələblərinə uyğun olaraq həyata keçirilir.

Ərizə ilə birlikdə gömrük orqanına aşağıda göstərilən sənədlər təqdim edilməlidir:

-mallar məhv edilənədək yerləşdirildiyi gömrük proseduruna dair gömrük bəyannaməsi;

-invoys – idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;

-yol-nəqliyyat sənədləri;

-malın mənşəyini təsdiq edən sənəd;

-malın fitosanitar sertifikatı (bitki və bitkiçilik məhsulları üçün);

-malın uyğunluq sertifikatı;

-malın baytarlıq sertifikatı (dövlət baytarlıq nəzarətində olan yüklər üçün);

-malın gigiyenik sertifikatı (yeyinti məhsulları üçün);

-Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və müvafiq dövlət orqanının rəyi.



Bir cavab yazın